|
Bioqrafiya
Heydər Əlirza oğlu Əliyev
1923-cü il mayın 10-da Naxçıvan şəhərində anadan
olmuşdur. O, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu
bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki
Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq
fakültəsində təhsil almışdır. 1941-ci ildən Heydər
Əliyev Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında
və Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri
vəzifəsində işləmiş və 1944-cü ilin mayında Naxçıvan
Vilayət Partiya Komitəsi tərəfindən dövlət
təhlükəsizliyi orqanlarına işə göndərilmişdir. Həmin
illərdə O, Leninqradda (indiki Sankt-Peterburq) xüsusi
ali təhsil almış, 1957-ci ildə isə Azərbaycan Dövlət
Universitetinin tarix fakültəsini bitirmişdir. 1964-cü
ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət
Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən
isə sədri vəzifəsində işləmiş, general-mayor rütbəsinə
qədər yüksəlmişdir.
Azərbaycan
Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il 14
iyul plenumunda Heydər Əliyev Azərbaycan KP MK-nın
birinci katibi seçilərək respublikanın rəhbəri olmuşdur.
1976-cı ilin martında Sovet İttifaqı Kommunist Partiyası
Mərkəzi Komitəsinin Siyasi Bürosu üzvlüyünə namizəd,
1982-ci ilin noyabrında isə Siyasi Büro üzvü seçilən
Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci
müavini vəzifəsinə irəli çəkilmiş, Sovetlər Birliyinin
rəhbərlərindən biri olmuşdur. SSRİ kimi nəhəng bir
dövlətin ali rəhbərliyinə ucalmaqla Heydər Əliyev
misilsiz dövlət idarəçiliyi istedadı və bacarığı nümayiş
etdirmişdir.
Heydər Əliyev
1987-ci il oktyabrın 21-də Sov. İKP MK Siyasi Bürosunun
və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi səhv
xəttə, onun antiazərbaycan siyasətinə etiraz əlaməti
olaraq tutduğu vəzifələrdən istefa vermişdir.
Heydər Əliyev
1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda
törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün
Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış
edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin
təşkilatçılarının və icraçılarının cəzalandırılmasını
tələb etmişdir. O, Dağlıq Qarabağda yaranmış kəskin
münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü
siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin 19
iyulunda Sov. İKP sıralarını tərk etmişdir.
Heydər
Əliyev doğma xalqını milli-siyasi fəlakət burulğanından
xilas etmək üçün 1990-cı ilin iyulunda Azərbaycana
qayıtmış, ilk əvvəl Bakıya, sonra isə Naxçıvana gələrək
Qurtuluş mübarizəsini davam etdirmiş, həmin ildə də
Azərbaycan Ali Sovetinə və Naxçıvan MSSR Ali Sovetinə
deputat seçilmişdir. Heydər Əliyevin 1991-1993-cü
illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
sədri vəzifəsində çalışdığı illər muxtar respublikanın
siyasi, sosial-iqtisadi və mədəni inkişafının çətin,
eyni zamanda əlamətdar dövrudür. Bu dövrdə Heydər Əliyev
birinci növbədə Naxçıvan Muxtar Respublikasını
Ermənistanın silahlı təcavüzündən və işğal təhlükəsindən
xilas etdi. Onun təşəbbüsü ilə Ali Məclis muxtar
respublikanın adından Sovet Sosialist sözlərinin
çıxarılması, Azərbaycan Xalq Cumhuriyyətinin üçrəngli
bayrağının Naxçıvan Muxtar Respublikasının dövlət
bayrağı kimi qəbul olunması haqqında tarixi qərarlar
qəbul etdi, qonşu Türkiyə və İranla iqtisadi əlaqələr
yaradıldı, Ümid və Şahtaxtı-Poldəşt körpüləri
salındı. Heydər Əliyev 1992-ci il noyabrın 21-də Yeni
Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş
təsis konfransında partiyanın sədri seçilmişdir.
1993-cü ilin
may-iyununda Azərbaycanda hakimiyyət böhranının son
dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin
baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi
yarandıqda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə
gəlməsi tələbi ilə ayağa qalxdı.
Heydər Əliyev
1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri
seçildi. Həmin gün Azərbaycan xalqının tarixinə Qurtuluş
günü kimi daxil oldu. İyunun 24-də isə Heydər Əliyev
Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası
Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı.
1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi
nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının
Prezidenti seçildi. O, 1998-ci il oktyabrın 11-də xalqın
yüksək fəallığı şəraitində keçirilən seçkilərdə yenidən
Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.
Heydər Əlirza oğlu Əliyev 12 dekabr 2003-cü ildə
Amerika Birləşmiş Ştatlarının Klivlend şəhərində vəfat
etmiş, Bakıda Fəxri Xiyabanda dəfn olunmuşdur. Onun
məzarı qədirbilən Azərbaycan xalqının müqəddəs
ziyarətgahına çevirilmişdir.
Heydər Əliyev
bir sıra beynəlxalq mükafatlara, müxtəlif ölkələrin
universitetlərinin fəxri doktoru adına və digər yüksək
nüfuzlu fəxri adlara layiq görülmüşdür. O, dörd dəfə
Lenin ordeni, Qırmızı Ulduz ordeni və çoxlu medallarla
təltif edilmiş, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adına
(1979, 1983) layiq görülmüş, bir çox xarici dövlətlərin
orden və medalları ilə təltif olunmuşdur. Müstəqil
Azərbaycan dövlətinin memarı və qurucusunun şərəfinə
2005-ci il aprelin 22-də Heydər Əliyev ordeni təsisi
edilmişdir.
Azərbaycanın son otuz ildən artıq bir dövrünü əhatə edən
tarixi taleyi Heydər Əliyevin adı və dövlətçilik
fəaliyyəti ilə qırılmaz tellərlə bağlıdır. Bu illər
ərzində ölkəmizin ictimai-siyasi, iqtisadi və mədəni
həyatının bütün sahələrində dirçəliş, inkişaf baş
vermiş, Azərbaycan zamanın ağır və sərt sınaqlarından
çıxmış, yaşayaraq tərəqqiyə qovuşmuş, regionda lider
dövlətə çevrilmiş, Azərbaycan xalqı tərəfindən ümummilli
lider adlandırılmışdır.
|